DÜNYA
Kanada 40-dan çox diplomatını Hindistandan geri çığırıb
![Kanada 40-dan çox diplomatını Hindistandan geri çığırıb](/files/2023/3/1200x630/16977910192207333123_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
Kanadanın 41 diplomatı dövlətlər arasında fikir ayrılığı səbəbindən Hindistanı tərk etməli olub.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Baş nazir Castin Trüdonun Kanada vətəndaşı Hardip Nicarın qətlində rəsmi Dehlini günahlandırmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.
İki həftə öncə Hindistan onlarla kanadalı diplomatın ölkədən çıxmasını tələb edib, əks halda onların toxunulmazlığını ləğv etməklə hədələyib. Kanadanın rəsmi şəxsləri isə Hindistanı beynəlxalq hüququ pozmaqda təqsirləndirir.
Kanadanın xarici işlər naziri Melani Coli Hindistanda yalnız 21 kanadalı diplomatın saxlanacağını bildirib. Onun sözlərinə görə, diplomatik korpusun ixtisarı səbəbindən səfirlik Hindistandakı xidmətlərini məhdudlaşdırmalı olacaq. Bu isə immiqrasiya məsələlərinə baxılma müddətinin uzanmasına gətirib çıxaracaq. Çətinliklər ilk növbədə Hindistan vətəndaşlarına, o cümlədən Kanadada təhsil alan tələbələrə təsir göstərəcək.
Ötən il Kanadada müvəqqəti və daimi yaşamaq üçün hakimiyyət orqanlarına müraciət edən şəxslərin əksəriyyətini hindistanlılar təşkil edib.
Qeyd edək ki, Kanada vətəndaşı Hardip Nicar iyunun 18-də Britaniya Kolumbiyası əyalətində maskalı şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.