KANADADA AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİLƏRİN QEYRİ-QANUNİ MƏSKUNLAŞDIRILMASI İLƏ ƏLAQƏDAR BRİFİNQ KEÇİRİLMİŞDİR
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni əhali məskunlaşdırması ilə bağlı Ottavada brifinq keçirilmişdir.
Brifinqdə Kanada Xarici İşlər Departamentinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri və Ottava Universitetinin azərbaycanlı tələbələri iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir F.Qurbanov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər barədə məlumat vermiş və bildirmişdir ki, Ermənistan “Müharibə dövründə mülki şəxslərin qorunması haqqında Cenevrə Konvensiyası”nın müddəalarını pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində məqsədyönlü şəkildə əhali məskunlaşdırır. O, bu məsələnin BMT-nin Baş Məclisində qaldırıldığını, ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının münaqişə zonasında yoxlama keçirdiyini diqqətə çatdırmışdır.
Brifinqin iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və ağır nəticələri, ermənilərin müstəqil dövlətimizin işğal altında saxladığı torpaqlarında mədəniyyət abidələrimizi dağıtdıqları, təbii sərvətlərimizi talan etdikləri və nəzarətdən kənarda qalan bu ərazilərdə narkotik maddələr yetişdirdikləri, terror bazaları təşkil etdikləri barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında peyk vasitəsilə çəkilmiş materiallar və videokadrlar nümayiş etdirilmişdir.
Sonda brifinq iştirakçılarının sualları cavablandırılmış, həmçinin onlara BMT Baş Məclisində yayılmış “Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən əhaliyə dair məlumat”, Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 2005-ci il tarixli 1416 saylı Qətnaməsi və 1690 saylı Tövsiyəsinin, habelə işğal altındakı ərazilərin peyk vasitəsilə aparılmış çəkilişləri, məskunlaşdırmanı sübut edən videomaterialları daxil edilmiş kompakt disklər paylanmışdır.