DÜNYA
Kanadada miqyaslı meşə yanğınları tüğyan edir
Bakı, 8 iyun, AZƏRTAC
Kanadada meşə yanğınları miqyası və intensivliyi baxımından bütün rekordları geridə qoya bilər. Baş nazir Castin Trüdo hazırda ölkədə 414 təbiət yanğınının tüğyan etdiyini və onlardan 239-nun nəzarətdən çıxdığını deyib.
AZƏRTAC ВВС telekanalına istinadla xəbər verir ki, şiddətli yanğınlar 20 mindən çox kanadalını evlərini tərk etmək məcburiyyətində qoyub, Şimali Amerikada isə on milyonlarla insana tüstü ilə bağlı potensial təhlükə barədə xəbərdarlıq edilib.
Təkcə Kvebek əyalətində 150-dən çox aktiv yanğın ocağı qeydə alınıb. Yerli yanğınsöndürənlər isə eyni vaxtda yalnız 40 yanğınla mübarizə aparmaq imkanına malikdir.
Hazırda Kvebeklə yanaşı, Britaniya Kolumbiyası, Alberta, Ontario, Yeni Şotlandiya əyalətlərində və ölkənin şimal-qərb hissəsində 3,3 milyon hektar meşə ərazisi yanır.
ABŞ-ın Nyu-York, Vaşinqton və digər şəhərlərinin səması tüstü səbəbindən solğun narıncı rəngə boyanıb. Bir çox yaşayış məntəqəsindəki məktəblərdə dərslər dayandırılıb. Əhaliyə ehtiyac olmadıqda küçəyə çıxmamaq tövsiyə olunub.
Birləşmiş Ştatlar şimal qonşusuna təcili yardım göndərib. Artıq xüsusi aviasiya ilə təchiz olunmuş 600-dən çox amerikalı yanğınsöndürən kanadalı həmkarlarına kömək edir.
Qeyd edək ki, meşə yanğınları ilin bu dövrü üçün Kanadada adi hal sayılır. Lakin bu il baş verən yanğınların miqyası qeyri-adi dərəcədə böyükdür.