Kanadalı qonaqlar Qubadakı multikultural və tolerant mühit haqqında məlumatlandırılıb
Quba, 16 sentyabr, E.Yusifli, AZƏRTAC
Kanada İcmalar Palatasının üzvü Çandra Arya, nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst, Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva Qubaya səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması” layihəsi çərçivəsində təşkil olunan səfər çərçivəsində qonaqlar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbədəki sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.
Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara ölkəmizin inkişafı, 30 illik düşmən işğalına son qoyularaq torpaqlarımızın işğaldan azad olunması, Qubanın tarixi, rayondakı multikultural və tolerant mühit, müxtəlif xalqların əsrlər boyu mehriban bir ailə kimi birgə yaşayışı, buradakı adət-ənənələr haqqında geniş məlumat verilib.