Kapelhausda Berlin gecələri atmosferi
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış alman fotoqrafı Sven Markvardın sərgisinin açılışı olub. Tədbir Höte İnstitutunun Bakı filialının (Goethe-Zentrum Baku) dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada müxtəlif obrazlarda insanların ağ-qara şəkilləri təqdim edilib.
Qeyd edək ki, son on ildə fotoqraf kimi şöhrət qazanan Sven Markvardın obyektivinə Berlinin gecə həyatının ən parlaq nümayəndələri - dostları, həmkarları və tərəfdaşları düşüblər. Fotoplyonkaya çəkilən hər bir ağ-qara fotoşəkil qabaqcadan düşünülmüş bir kompozisiyadır. Fotosessiyadan tutmuş şəkillərin aydınlaşdırılmasına və çap edilməsinə qədər davam edən bütün proses bir neçə gün çəkir.
Bakıda ilk dəfə nümayiş etdirilən “Mehrab” adlı audioviziual installyasiya S.Markvardın dicey və musiqi prodüseri Marsel Dettmannla birgə işidir. Ekspozisiya sərgiyə gələnləri Kapelhausdan Berlin gecələri atmosferinə aparır.
Martın 7-dək davam edəcək sərgi hər gün saat 14:00-dan 20:00-dək işləyəcək.