Kapitan Elmir Abbasov: Aprel döyüşlərində ermənilər əvvəlki postlarından da xeyli arxaya qaçırdılar
Bakı, 4 aprel, Məhərrəm Əlioğlu, AZƏRTAC
Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq, sürətli əks-həmləyə keçməyimiz düşməni tamamilə çaş-baş saldı. Pərən-pərən olan erməni əsgərləri silahlarını, texnikalarını atıb əvvəl durduqları postlardan da xeyli arxaya qaçırdılar.
Bunu ötən ilin aprelində Tərtər istiqamətində gedən döyüşlərdə yaralanan kapitan Elmir Abbasov AZƏRTAC-a müsahibəsində deyib.
E.Abbasov bildirib: “Aprelin 1-dən 2-nə keçən gecə biz öz hərbi hissəmizdə gündəlik fəaliyyətimizlə məşğul idik. Gecə məlumat daxil oldu ki, düşmən hücuma keçib. Biz də tapşırığa əsasən bölmələrimizə “Həyəcan” siqnalı verərək döyüşə yollandıq. Həmin mövqelərimizə çatanda gördük ki, düşmən hücum edir. Biz topçular olaraq, bölmələrimizə dəstək verib düşmənin hücum edən bölmələrinin qarşısını aldıq və əks-hücuma keçdik. Əks-hücuma keçən qoşunlarımıza da dəstək verərək öz vəzifəmizi yerinə yetirdik. Həmin vaxt biz komanda-müşahidə məntəqəsində idik. Gördük ki, düşmənin əsgərləri plansız şəkildə hücum etdikləri üçün geri çəkilməyə başlayıblar və silahlarını, texnikalarını atıb əvvəl durduqları postlardan da xeyli arxaya qaçırdılar. Biz ermənilərin xeyli sayda texnikasını məhv etdik. Onlar gördülər ki, itkiləri çoxalır postları qoyub qaçırdılar. Bizim əsgərlər isə qəhrəmancasına düşmənə zərbələr endirməkdə davam edirdi”.
Aprel döyüşlərində nəinki ordumuzun, Azərbaycan xalqının döyüş ruhunun, qələbə əzminin yüksək səviyyədə olduğunu vurğulayan zabitimiz deyib: “Biz Tərtər istiqamətinə yaxınlaşanda hərbçilərimizlə yanaşı, mülki şəxslər, kəndlərin əhalisi bizi yüksək əhval-ruhiyyədə qarşılayırdılar. Hətta bizə kömək etməyə çalışır, orduya qoşulmaq üçün can atırdılar. Mən həmin an xalqımızın, ordumuzun döyüş ruhunun yüksək səviyyədə olduğunu gördüm və bu, bizi qələbəyə daha da həvəsləndirirdi. Aprel döyüşlərində qələbə Azərbaycan ordusuna inamı daha da gücləndirdi. Bu qələbə xalqımızda sonsuz ruh yüksəkliyi yaratdı”.
Kapitan Elmir Abbasov Talış istiqamətində gedən döyüşdə yaralanmasını belə xatırlayır: “Artilleriyanın taktikası belədir ki, düşmən geriyə çəkildikcə artilleriya qurğuları irəli aparılır və yeni döyüş tapşırıqlarını yerinə yetirir. Biz də komanda-müşahidə məntəqələrimizi önə çəkərək qarşıdakı yüksəklikləri tuta-tuta gedirdik. Həmin ərəfədə düşmən minaatanlardan bizim olduğumuz istiqamətə atəş açmağa başladı. Mərmilərdən biri yaxınlığımıza düşdü və mən qarın nahiyəmdən qəlpə yarası aldım. Dərhal təxliyə qrupları tərəfindən döyüş meydanından çıxarıldım və xəstəxanaya yerləşdirildim. Bunu xüsusi qeyd etmək istəyirəm ki, həkimlərimizin fədakarlığı sayəsində bir çox əsgər və zabitimiz sağlamlıqlarını tezliklə bərpa edə bildilər. Bizə yüksək diqqət və qayğı göstərilirdi. Aprel döyüşlərində yaralansam da, hazırda xidmətimi davam etdirirəm”.