Karantin dövründə Şəkidə aztəminatlı ailələrə xüsusi qayğı göstərilir
Şəki, 18 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən Şəki şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki Mənzil İstismar Sahəsi tərəfindən şəhər ərazisində yerləşən 47 ictimai yaşayış binasında təkrar dezinfeksiya işləri aparılıb. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra müəssisə və təşkilatların inzibati binalarında, şəhər ərazisində yerləşən bankomatlarda dezinfeksiyaedici tədbirlər görülüb.
Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar sosial təcrid vəziyyətində olan insanlara, aztəminatlı ailələrə yardımlar da davam etdirilir. Şəhər icra hakimiyyəti, ictimai birliklər, hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən bu günədək mindən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.