Karantin qaydalarını pozan hər bir şəxs qanun qarşısında cavab verməlidir
Bakı, 23 avqust, Səadət Hakıyeva, AZƏRTAC
Təəssüf ki, karantin rejimində yumuşaldılmalar bir qrup insanda arxayınlıq hissi yaradıb və onlar məsuliyyətsizlik göstərərək, toy şənlikləri təşkil ediblər. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin hiddətinə və ciddi qınağına məruz qalıb. Əgər kimsə bu qaydaları pozursa, kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir, çünki hər kəs qanun qarşısında bərabərdir.
Əgər şəhər və rayonlarda karantin dövründə toy və digər məclislər təşkil etmək istəyən sadə insanlar cərimələnirlərsə, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır və olunur. Karantin qaydaları hər kəs üçündür. Əgər karantin qaydalarını pozan tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu, hər kəs üçün ciddi dərs olmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdəndir. Təsadüfi deyil ki, bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərilir. Pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları insanların sağlamlığının qorunmasına səfərbər edildi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər qoyuldu və qaydalar tətbiq edildi. Məhz bunların nəticəsidir ki, bu gün ölkədə vəziyyət nəzarət altındadır.
“Yarım il ərzində karantin rejimi vəziyyətə uyğun olaraq bəzən yumşaldıldı, bəzən də sərtləşdirildi. Buna uyğun olaraq, qanunvericiliyə müvafiq dəyişikliklər də edildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, karantin qaydalarına əməl etməyə çağırıblar. Onlar özləri şəxsi nümunə göstərərək qapalı məkanlarda maska taxır, bütün tədbirlərdə sosial məsafə saxlayırlar. Necə deyərlər, ən gözəl tərbiyə şəxsi nümunədir”, - deyən T.Cəfərova bildirib ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Hər bir vətəndaş kimi, ictimai-siyasi xadimlər, hökumət üzvləri, xüsusilə deputatlar karantin rejiminə nəinki riayət etməli, həm də şəxsi nümunə göstərməlidirlər. Dövlətimizin əmin-amanlığı, xalqımızın firavan yaşayışının əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu və Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsi dayanır.