“Karyera yolu” – informasiya texnologiyaları mütəxəssisləri öz təcrübələrini tələbələrlə bölüşüblər
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “Code Academy”nin təşkilatçılığı ilə “Karyera yolu” mövzusunda görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi AzMİU tələbələrinin informasiya texnologiyaları sahəsində rolunun artırılmasına dəstək vermək olub.
Qonaqları “Code Academy”nin peşəkar mütəxəssisləri, “Code for future” layihəsinin koordinatoru Ülvi Səfərli, proqramlaşdırma tədris instruktoru və tədris koordinatoru Həsən Nuruzadə, şəbəkə administratoru və instruktoru Fariz Əsədov informasiya texnologiyalarının əhəmiyyəti, bu sahə üzrə qət etdikləri yol və çətinliklər barədə söhbət aparıb, əmək bazarındakı geniş iş imkanları haqqında danışıblar.
İnteraktiv keçən tədbirin yekununda “Code Academy”nin mütəxəssisləri tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, AzMİU-da Mexanika və informasiya texnologiyaları fakültəsi fəaliyyət göstərir. Fakültədə bakalavriat səviyyəsində informasiya texnologiyaları mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi, magistratura səviyyəsində isə idarəetmədə informasiya sistemləri və texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Bundan əlavə, tələbələrin informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün universitetdə “AzMİU Academy” fəaliyyət göstərir. AzMİU, həmçinin “Code Academy” ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Code for future” layihəsinə qoşulub.