KAZANDA MÜSƏLMAN KİNOSU FESTİVALI AÇILMIŞDIR
Açılış mərasiminin əvvəlində Qurandan surələr oxunmuşdur.
Festivalın prezidenti, Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdin qonaqları ərəb, tatar və rus dillərində salamlayaraq demişdir ki, dünyanın 20-dən çox ölkəsinin kinematoqrafçılarını bir araya gətirən festival sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına kömək edir, kino vasitəsilə cəmiyyətdə sabitliyin əsası olan humanizm, məhəbbət, dini dözümlülük, siyasi nəzakətlik kimi ümumbəşəri dəyərləri təbliğ edir.
R.Qaynutdin bildirmişdir ki, “Qızıl minbər” festivalı əxlaq, ismət, nəciblik kimi yüksək mənəvi dəyərlərin aşılanmasına kömək edir, İslamın əsil mahiyyətini üzə çıxarır və müsəlmanın müsbət obrazını tamaşaçıya göstərir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva festival iştirakçılarına təbrik məktubu göndərmişdir. Məktubu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxumuşdur. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov, Rusiya Prezidentinin Volqaboyu region üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Konovalov, Tatarıstan Prezidenti Mintimer Şaymiyev, Başqırdıstan Prezidenti Murtuza Rəhimov da festival iştirakçılarını salamlamışlar.
Müsabiqəyə 34 film təqdim edilmişdir, 11 film isə müsabiqədənkənar göstəriləcəkdir. Münsiflər heyətinin sədri Vadim Abdraşitovdur.