Keçmiş məcburi köçkün: Xocalıdan kədərlə çıxmışdıq, indi isə böyük sevinclə qayıdırıq VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Bu gün Xocalının Təzəbinə kənd sakini Nailə Musayeva 34 il sonra öz doğma yurduna qayıdır.
AZƏRTAC xəbər verir ki, bir vaxtlar kədərlə, ağır günlərin ağrısı ilə ayrıldığı o torpağa bu dəfə sevinclə, həm də nəvələri ilə birlikdə gedir. Bu qayıdışda keçmişin acısı ilə bu günün sevinci bir-birinə qarışıb.
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Çox şükür ki, bu günü bizə yaşatdılar. Dövlətimiz sağ olsun. Çox razıyıq”, – deyə Nailə Musayeva bildirir.
O deyir ki, Xocalıdan çıxanda oğlu cəmi 1 yaşında idi. İndi isə doğma elinə, obasına oğlunun üç övladı ilə birlikdə qayıdır.
“İndi onun üç balası - əkizləri və qızı ilə birlikdə Xocalıya qayıdırıq. Çox şükür bugünkü günümüzə”, – deyə o, duyğularını dilə gətirib.