“Keçmişi unutmayaq!” adlı sərgi-tədbir keçirilib
Bakı, 18 yanvar, Aynur İsmayılova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin təşkilatçılığı ilə “Keçmişi unutmayaq!” adlı sərgi-tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə İncəsənət Kolleci tələbələrinin, həmçinin yaşlı nəsil rəssamların 20 Yanvar faciəsi mövzusunda 40-dək əsəri yer alıb.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, 20 Yanvar şəhidinin yaxın qohumu Murğulu Salman və başqaları bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixidir. Həmin gün düşmənlər xalqımızın əzm və iradəsini qıra, onu müstəqillik uğrunda mübarizəsindən döndərə bilməyiblər.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən Bakı şəhərinə daxil olaraq dinc əhaliyə divan tutublar. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalq kütləvi terrora məruz qalıb, yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb.
Bədii hissədə Uşaq Yaradıcılıq Mərkəzinin iştirakçıları tərəfindən kompozisiya nümayiş etdirilib.