“Kədəriniz kədərimizdir, Türkiyə” adlı anım mərasimi keçirilib
Bakı, 9 fevral, AZƏRTAC
Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) ofisində keçirilən anım mərasimində yad edilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Kədəriniz kədərimizdir, Türkiyə” adlı anım mərasimində əvvəlcə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları bu fəlakətin təkcə qardaş ölkədə deyil, bütün türk dünyasında dərin kədər hissi ilə qarşılandığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, hər bir azərbaycanlı gücü çatan qədər Türkiyədəki qardaşlarına yardım etməyə çalışır. Təsadüfi deyil ki, qardaş ölkəyə ilk yardım edən ölkə məhz Azərbaycan olub. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə yardım edilməsi barədə dərhal müvafiq qurumlara göstəriş verib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təcili olaraq Türkiyəyə yola düşüblər. Hazırda qardaş ölkədə 725 nəfərlik xilasedici bu əməliyyatlarda iştirak edir.
Qeyd olunub ki, dövlətimizin başçısının tövsiyələrinə və xalqımızın təşəbbüsünə qoşulan TAİB də yardım kampaniyasına start verib. Zəlzələ bölgəsinə xeyli miqdarda geyimlər və ərzaq göndərilir.
Anım mərasimində TAİB-in İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Təşkilatının üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.