KƏLBƏCƏR RAYON FƏALLARININ YIĞINCAĞINDA PROBLEMLƏRİN HƏLLİ YOLLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Erməni işğalından sonra kəlbəcərlilər respublikamızın 56 rayonunun 707 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışlar. Onların problemlərinin həlli, sosial vəziyyətlərinin yaxşılaşdırılması, iş yeri ilə təminatı məsələləri diqqətdə saxlanılan mühüm vəzifələrdir. Kəlbəcərli məcburi köçkünlərin problemlərinin həlli ilə Dövlətqaçqınkomla bərabər, Nəqliyyat Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti də yaxından məşğul olurlar.
Bütün bunlar barədə Kəlbəcər Rayon İcra Hakimiyyətində keçirilmiş fəallar yığıncağında geniş söhbət açılmış, aprelin 13-də Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələr barədə ətraflı məlumat verilmişdir.
Yığıncaqda çıxış edənlər son üç ildə ölkəmizdə yaradılmış 535 min yeni iş yerində çalışanların arasında məcburi köçkünlərin də çoxluq təşkil etdiyini diqqətə çatdırmış, bir sıra problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülmüşdür. Bildirilmişdir ki, Zabrat-1 və Zabrat-2 qəsəbələrində 230 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdır. Bu qəsəbələrə gedən yolların abadlaşdırılmasına, lay sularının qurudulmasına, məcburi köçkünlərin xeyir-şər mərasimləri üçün binanın tikilməsinə, onların yaşadıqları evlərin təmirinə ehtiyac olduğu diqqətə çatdırılmışdır. “Azəryolservis” ASC-nin rəhbərliyi həmin problemlərin həllini öhdəsinə götürmüşdür.
Yığıncaqda qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi qüdrəti artır, ordumuz güclənir. Bütün bunlar məcburi köçkünlərdə doğma torpaqlarına qayıdacaqlarına inamı artırır.