KƏLBƏCƏRLİLƏR ÖLKƏ BAŞÇISININ İŞĞAL OLUNMUŞ TORPAQLARIN AZAD EDİLMƏSİ İSTİQAMƏTİNDƏ ATDIĞI ADDIMLARI DƏSTƏKLƏYİRLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 1-də keçirilən Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar Gəncə şəhərində Kəlbəcər rayonu fəallarının müşavirəsi keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmovun məruzəsi dinlənilmişdir. Məruzədə və digər natiqlərin çıxışlarında ölkə iqtisadiyyatının dinamik inkişafı qeyd olunmuş, cari ilin 6 ayında rayon əhalisinin mənzil-məişət və digər sosial problemlərinin həlli ilə əlaqədar görülən işlər hərtərəfli təhlil edilmişdir. Qeyd olunmuşdur ki, kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 124 yataqxana, uşaq bağçası, məktəb, sanatoriya və digər ictimai binaların damları, otaqların qapı-pəncərələri, döşəmələri, su, kanalizasiya və elektrik xətləri təmir edilmişdir. Hazırda bu işlər davam etdirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 8 elektrik transformatoru, 7 su nasosu, 5 kilometrlik naqil alınıb sakinlərin istifadəsinə verilmişdir. İki artezian quyusu qazılmış, daxili imkanlar hesabına 7 min 264 məcburi köçkün ailəsinə humanitar yardımlar göstərilmişdir.
Ötən 6 ayda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də müəyyən uğurlar qazanılmışdır. 136 hektar taxıl sahəsindən 3 min 695 sentner, ötən ilin müvafiq dövründəkindən 693 sentner çox məhsul götürülmüşdür. Hər hektarın məhsuldarlığı 27,2 sentner təşkil etmişdir.
Heyvandarlıq sahəsində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 59 faiz, süd istehsalı 62 faiz, yun istehsalı 27 faiz artmışdır.
Müşavirə iştirakçıları ölkə başçısının işğal olunmuş torpaqların azad edilməsi istiqamətində atdığı addımları, yeritdiyi daxili və xarici siyasəti dəstəklədiklərini bildirmişlər. Onlar Azərbaycanın sürətli iqtisadi inkişafının, hərbi qüdrətinin artmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirəcəyinə inandıqlarını vurğulamışlar.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.