Kənd təsərrüfatı naziri İnam Kərimov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Bakı, 11 fevral, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadov ilə görüşüb.
İnam Kərimov Elkiyar Ziyadovu təbrik edib və mentoru olaraq 1 illik fərdi inkişaf planı əsasında qaliblə sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, potensialının üzə çıxarılmasına dəstək olacağını bildirib.
Görüşdə nazir müsabiqə qalibini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün tapşırıq verib. Elkiyar Ziyadov isə öz növbəsində yaradılan şəraitə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirib və mentorluq proqramı çərçivəsində nazir İnam Kərimovun şəxsi təcrübəsindən faydalanmaq istəyini diqqətə çatdırıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.