Kestutis Yankauskas: Təhsilin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir
Bakı, 1 noyabr, Bəhruz Vəliyev, AZƏRTAC
Təhsilin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Son illər bu sahədə böyük nailiyyətlər əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycan universitetlərində tədris və tədqiqat potensialını artırmaq məqsədilə ADA Universiteti ilə həyata keçirdiyi yeni layihənin açılışına həsr olunan tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib ki, layihə “GOPA Worldwide Consultants” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilir. Konsorsiuma Alman Akademik Mübadilə Xidməti, Hollandiyanın Maastrixt İdarəçilik Məktəbi və İtaliyanın Bolonya Universiteti daxildir. Yeni layihənin tədqiqat mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, son illər ADA Universiteti ilə Avropa İttifaqı bir neçə birgə layihə reallaşdırıb. Bu layihələr çərçivəsində müxtəlif təlimlər keçirilib, yay məktəbləri təşkil edilib, Avropa İttifaqı ölkələrinə səfərlər olub. Vurğulanıb ki, bir il ərzində bu ali təhsil ocağının 78 tələbəsi “Erasmus” proqramı çərçivəsində Avropanın nüfuzlu universitetlərində təhsil alıb.
Diqqətə çatdırılıb ki, yeni layihə ADA Universitetinin potensialını dörd strateji istiqamət üzrə gücləndirəcək. Buraya təşkilati infrastrukturun yaradılması, tədris, tədqiqat, təbliğat fəaliyyətləri daxildir.
Fariz İsmayılzadə deyib ki, layihənin həyata keçirilməsində məqsəd tədqiqatçıların və tələbələrin Avropa İttifaqı ilə bağlı biliklərini artırmaq, onlar üçün peşəkar təlimlər keçirmək, Avropa institutlarının, universitetlərinin təcrübəsini Azərbaycana gətirməkdir. Layihə çərçivəsində 30 ay müddətində professorlar, tədqiqatçılar üçün müxtəlif təlimlər keçiriləcək. Eyni zamanda, əldə edilən tədqiqat layihələri Avropa institutlarında və universitetlərində tədqiq olunacaq. Yeni layihə çərçivəsində Avropanın ali məktəbləri ilə əlaqələr daha da güclənəcək.