Kir Starmer Britaniya parlamentində ilk dəfə Baş nazir kimi çıxış edib
London, 9 iyul, AZƏRTAC
Bu gün Britaniya parlamentinin spikeri seçilib.
AZƏRTAC xəbər verir ki, Lindsey Hoyl yenidən parlamentə spiker seçilib. Daha sonra Kir Starmer Britaniyanın Baş naziri kimi ilk dəfə parlamentdə çıxış edib, parlamentin yeni üzvlərinə təşəkkürünü bildirib və onları İcmalar Palatasında salamlayıb. O deyib ki, İcmalar Palatasının siyasətin yaxşılıq üçün güc ola biləcəyini göstərmək imkanı və məsuliyyəti var.
Britaniyanın sabiq Baş naziri, 14 ildən sonra Britaniyada müxalifət olan Mühafizəkarlar partiyasının lideri Rişi Sunak da çıxıb edib. O, Mühafizəkarlar partiyasının bəzi çalışqan deputatlarının seçkidə öz mandatlarını itirdiyinə görə məyus olduğunu deyib. Qeyd edib ki, müxalifətdə olmaq partiyaya yeni hökumətdən hesabat tələb etməyə imkan verir. Rişi Sunak bildirib ki, 14 illik hökumətdən sonra Mühafizəkarlar partiyasının özünü yenidən qurması vacibdir.
Xatırladaq ki, parlament 4 iyulda keçirilən növbədənkənar ümumi seçkilərə görə mayın 30-da fəaliyyətini dayandırmışdı. Parlamentin rəsmi açılış mərasimi və Kralın çıxışı iyulun 17-də olacaq.
London