KİV: Hərbçilər Malinin müvəqqəti Prezidentini və baş nazirini azad edib
Bakı, 27 may, AZƏRTAC
Malinin müvəqqəti Prezidenti Ba Ndao və ölkənin Baş naziri Moktar Uan həbsdən azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə France-Presse agentliyinə Mali ordusunun nümayəndəsinə istinadla məlumat yayıb. “Ölkənin müvəqqəti Prezidenti və Baş naziri mayın 27-nə keçən gecə azad edilib”, - deyə hərbçi bildirib.
Onun sözlərinə görə, müvafiq razılaşma Nigeriyanın sabiq Prezidenti Qudlak Conatanın rəhbərliyi ilə Malidə səfərdə olan Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin vasitəçiləri ilə görüşlər nəticəsində əldə edilib.
Qeyd edək ki, Malinin müvəqqəti Prezidenti Ba Ndao və müvəqqəti Baş nazir Moktar Uan mayın 24-də hərbçilər tərəfindən saxlanılaraq paytaxt yaxınlığındakı hərbi bazaya aparılıb. Ölkənin vitse-prezidenti Assimi Qoita onların konstitusiyanı müvəqqəti əvəz edən keçid nizamnaməsini pozduqlarına görə səlahiyyətlərindən məhrum edildiyini bildirib. Vitse-prezidentin sözlərinə görə, prezident və baş nazir yeni hökumətdə nazirləri təyin edərkən güc blokunun tərkibini onunla razılaşdırmayaraq nizamnamənin əsas müddəalarını kobud şəkildə pozublar.
Dövlət və hökumət başçılarının Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin təzyiqi nəticəsində azad edilməsi variantı da istisna edilmir. Belə ki, qurumun vasitəçilərinin Mali hakimiyyətini hərbi sanksiyalarla hədələdiyi bildirilir.