Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb
Kiyev, 24 mart, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində Səməd Vurğun adına Kitabxanada dahi şairimiz Səməd Vurğunun 113 illiyi ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Kiyevin 210, 247 saylı orta məktəbinin şagirdləri, Qafqaz Rəqs Ansamblının uşaq rəqs qrupu iştirak edib. Tədbirdə kitabxananın müdiri Qalina Çebotareva qonaqlara Səməd Vurğunun həyat və yaradıcılığından geniş danışıb, dahi şairimizin şeirlərini səsləndirib. Kitabxananın əməkdaşları Səməd Vurğun haqqında təqdimat və kitabça təqdim ediblər.
Daha sonra tədbirdə digər iştirakçılar tərəfindən Səməd Vurğunun Azərbaycan və Ukrayna dillərində şeirləri səsləndirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev