Kiyevdə raketlə vurulan çoxmərtəbəli binadan – AZƏRTAC-ın REPORTAJI VİDEO
Kiyev, 2 avqust, AZƏRTAC
İyulun 31-də gecə saatlarında Rusiya ordusunun Kiyevə endirdiyi raket zərbəsi nəticəsində dağılan çoxmərtəbəli binada təmizləmə işləri başa çatdırılıb.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin məlumatına görə, bina tam yararsız hala düşdüyü üçün sakinlərin hamısı oradan köçürülür. Svyatoşin rayonu ərazisində yerləşən 9 mərtəbəli binanın raketlə vurulması nəticəsində 28 sakin həlak olub, 100-dən çoxu isə xəsarət alıb. Həlak olanlardan 3-ü azyaşlı uşaq, biri isə 17 yaşlı yeniyetmə olub.
Onu da qeyd edək ki, raketlə vurulan yaşayış binasının ətrafında hər hansı hərbi, strateji infrastruktur yoxdur.
Dağılmış binadan 3 min tona yaxın beton qalığı daşınıb, ərazidə aparılan təmizləmə işlərinə 180 xilasedici və 60 ədəd texnika cəlb olunub.
Xatırladaq ki, Rusiya ordusu iyulun 31-nə keçən gecə Ukraynaya kütləvi hücuma keçib. Ruslar 309 hücum pilotsuz uçuş aparatı və səkkiz ədəd “İsgəndər-K” qanadlı raketindən istifadə ediblər. Rusiyanın budəfəki əsas hədəfi paytaxt Kiyev olub. Hücum nəticəsində şəhərin müxtəlif ərazilərində onlarla dağıntı qeydə alınıb.
AZƏRTAC hadisə yerindən video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev