KLAUS QREVLİX: ALMANİYA ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN LİSSABON SAMMİTİNİN PRİNSİPLƏRİ ƏSASINDA HƏLLİNİ DƏSTƏKLƏYİR
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaus Qrevlix, bunu noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə görüşdə vurğulamışdır. Görüşdə AFR-in Rusiya və Azərbaycanda akkreditə olunmuş müdafiə attaşesi, briqada generalı Peter Şafranek və hərbi dəniz qüvvələri attaşesi, birinci dərəcəli kapitan Kari-Ekhard Dröqen də iştirak edirdilər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, səfir K.Qrevlixin bildirdiyinə görə, Almaniya ölkələrimiz arasında hərbi əməkdaşlıq haqqında tezliklə saziş imzalansmasına tərəfdardır.
Briqada generalı P.Şafranek demişdir ki, biz Azərbaycanla hərbi sahədə əməkdaşlıq yaratmaq və bunun əsas istiqamətlərini müəyyənləşdirmək istəyirik. Azərbaycanın strateji mövqeyi Almaniyanı həmişə cəlb etmişdir.
General-polkovnik S.Əbiyev vurğulamışdır ki, Azərbaycan da Almaniya ilə hərtərəfli əməkdaşlığa səy göstərir. Biz hərbi əməkdaşlığın da gücləndirilməsinin və fəallaşdırılmasına tərəfdarıq. Sizin təcrübənizdən öyrəniləsi çox şey var.
Müdafiə naziri qonaqları Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və nəticələri haqqında məlumat verərək demişdir: “Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqlardan çıxmır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllindən boyun qaçırır. Bəzi dövlətlərin bu məsələyə ikili standartlarla yanaşması da Ermənistanın pozucu mövqeyini gücləndirir.
Lakin hər şeyin həddi var. Biz münaqişənin həllində digər üsulları istisna etmirik. Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi nəticəsində məsələnin həlli uzandıqca, Ermənistanın şiddətlə silahlanması daha da artır. Regionda başlaya biləcək müharibə daha qanlı nəticələrə gətirib çıxarar. Bunun üçün artıq şərait yaradılmışdır. Çünki Ermənistanın öz strateji müttəfiqindən qeyri-qanuni yolla aldığı və bu gün də almaqda davam etdiyi uçotsuz silah və sursatın çox hissəsi işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilmişdir”.
General-polkovnik S.Əbiyev vurğulamışdır ki, bu məsələnin həllində Azərbaycanın Avropanın ən iri dövlətlərindən biri olan Almaniyanın dəstəyinə ehtiyacı vardır.
Səfir K.Qrevlix Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq demişdir ki, Almaniya problemin ATƏT-in Lissabon sammitinin prinsipləri əsasında həllini dəstəkləyir. Azərbaycan rəhbərliyi bu istiqamətdə böyük işlər görür. Biz Prezident Heydər Əliyevin seçdiyi bu düzgün yolu qiymətləndirməliyik. Almaniya Azərbaycanın haqq işini dəstəkləməyə həmişə hazırdır.