İQTİSADİYYAT
KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda təşkil olunan təlimdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb. Onlayn təlim zamanı sahibkarlar idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Dövlət Gömrük Komitəsinin və “Azexport.az” portalının əməkdaşları cəlb olunub.
Onlayn təlim çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekspertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə təlimdən sonra sahibkarlara müvafiq məlumat verilib.
Təlim barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin “www.economy.gov.az” və KOBİA-nın “www.smb.gov.az” saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.
Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və agentliyin ölkənin 10 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib. Onlayın təlim KOBİA-nın “Facebook” səhifəsi vasitəsilə də canlı yayımlanıb.