KOBİA pandemiyadan zərərçəkmiş fərdi sahibkarları dövlət maliyyə dəstəyi barədə məlumatlandırır
Bakı, 16 aprel, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi barədə onlayn maarifləndirmə tədbiri təşkil edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və KOBİA-nın nümayəndələri pandemiyadan zərərçəkmiş fərdi sahibkarlara göstərilən maliyyə dəstəyi, bu dəstəkdən yararlanmaq üçün İnternet Vergi İdarəsindəki (“www.e-taxes.gov.az”) şəxsi kabinet üzərindən müraciət qaydası barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar. Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanıb.
Qeyd edək ki, KOBİA pandemiyadan zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi mexanizmləri barədə onlayn maarifləndirmə təbirləri keçirir. Aprelin 15-də muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi barədə təşkil olunmuş onlayn tədbirdən Bakıda və ölkə regionlarında fəaliyyət göstərən 3200-dən çox sahibkarlıq subyekti yararlanıb.