Komitə: Martda özəlləşdirmə hərraclarına 330-dək dövlət əmlakı çıxarılıb
Bakı, 28 fevral, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-dək dövlət əmlakı çıxarılıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir. Martda keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketlərini də özəlləşdirə bilər.
Səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə və digər şəhər, rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin aid olduğu iqtisadi sahələrə gəldikdə isə onlardan 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri fəaliyyət istiqaməti, yerləşdiyi ərazi və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kvadratmetrdən 9,3 min kvadratmetrədəkdir. Sərmayə yatırımları üçün əmlak axtaran investorlar rahatlıqla kiçik dövlət müəssisələri üzrə seçim edə bilər. Bu dövlət əmlakları arasında ictimai iaşə, ticarət, turizm və digər sahələr üzrə səmərəli fəaliyyət üçün obyektlər kifayət qədərdir. Əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan dövlət obyektləri mehmanxana, anbar, əmlak kompleksi, yeməkxana və digər fəaliyyət sahələrinə aiddir.
Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11,9 kvadratmetrdən 266,7 kvadratmetrədəkdir. Qeyri-yaşayış sahələrinin yerləşdiyi regionlar da müxtəlifdir. Belə ki, bu növ dövlət obyektlərindən 31-i paytaxtda, 9-u Sumqayıtda, 3-ü Daşkəsəndə, 2-si Sabirabadda digərləri isə Samux, Gəncə, Şirvan, Bərdə və Tərtərdə yerləşir.
Avtomobil sahibi olmaq istəyənlər martdakı hərraclarda istehsal tarixi 1999-2014-cü illər olan nəqliyyat vasitələrinin özəlləşməsində iştirak edə bilər. Avtomobillərə təyin olunmuş ilkin hərrac qiymətləri 1440 manat ilə 10 min manat arasındadır. Özəlləşməyə çıxarılan yarımçıq tikililərdən 3-ü Cəlilabadda, 2-si İsmayıllıda, digərləri isə Ağstafa, Lənkəran, Sabirabad və Mingəçevirdə yerləşir.
Növbəti ayın hərraclarında iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Elektron resurslarda bütün dövlət əmlakları haqqında ətraflı məlumat və müraciət linki yerləşdirilib.
İştirak statusu qazanmış şəxslər və prosesə marağı olan vətəndaşlar onlayn formada da hərraclarda iştirak edə bilər. Elektron hərraclara qoşulmaq istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 36-cı bölməyə - “Elektron hərrac” xidmətinə daxil ola bilər. Növbəti özəlləşdirilmə hərracları martın 5-i, 12-si, 19-u və 27-də saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.