Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur
Bakı, 21 avqust, AZƏRTAC
Belçikanın Konqoda həyata keçirdiyi müstəmləkəçilik siyasəti ölkənin siyasi, iqtisadi və sosial həyatında dərin, uzunmüddətli və ağır fəsadlar buraxıb. Bu siyasətin doğurduğu istismar, sosial ayrı-seçkilik, mədəni irsin mənimsənilməsi və iqtisadi asılılıq kimi problemlərin mənfi təsirləri bu gün də hiss olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Konqo Demokratik Respublikasının UNESCO üzrə Milli Komissiyasında gənclər proqramı üzrə assistent Esther Kile Wa Ngoy avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
E.Kile Wa Ngoy bildirib ki, Belçikanın Afrikada, xüsusən də Konqoda yürütdüyü müstəmləkəçilik siyasəti ağır fəsadlara yol açıb: “Konqo Demokratik Respublikası amansız istismar və inkişafdan geriqalma ilə xarakterizə olunur. Bu vəziyyət ölkənin müstəqillik ərəfəsində idarəetmə və ordu sistemində dərin böhranların yaranmasına gətirib çıxarıb. Bu gün biz hələ də mədən ehtiyatlarının istismarı ilə bağlı ciddi problemlərlə üzləşirik. Bununla yanaşı, cəmiyyətin qütbləşməsi, irqi ayrı-seçkilik və köklənmiş stereotiplər də müstəmləkəçilik siyasətinin ağır irsinin tərkib hissəsidir”.
Konqo nümayəndəsi müstəmləkəçilik dövründə ölkənin və yerli xalqların mədəni-incəsənət irsinin mənimsənilməsi məsələsinə də diqqət çəkib. “Son illərdə həmin mədəni sərvətlərin geri qaytarılması, yəni restitusiya istiqamətində beynəlxalq səviyyədə müəyyən təşəbbüslər müşahidə olunur. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, eləcə də azlıqların siyasi və iqtisadi hüquqlarına dair digər beynəlxalq sənədlər hər bir şəxsin fərdi, kollektiv və sosial hüquqlarının qorunması üçün mühüm hüquqi çərçivə yaradır. Bu kontekstdə beynəlxalq hüquq, ilk növbədə, hüquqların müdafiəsi və tarixi ədalətin bərpa olunması üçün əsas mexanizm rolunu oynayır”, – deyə o əlavə edib.