“Azərenerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında müqavilə imzalanıb
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyası ilə “Azərenerji” ASC arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi və enerji sektorunda innovativ texnologiyaların tətbiqi məqsədilə əməkdaşlıq Müqaviləsi imzalanıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, müqavilə enerji sahəsində elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsini, müasir texnologiyaların və innovativ həllərin istehsalat proseslərinə tətbiqini, elmi-tədqiqat nəticələrinin praktiki fəaliyyətə inteqrasiyasını nəzərdə tutur. Bu məqsədlə hər iki təşkilatın mütəxəssisləri İstilik Elektrik Stansiyalarında (İES) birgə görüşlər keçirib, problemlərlə yerindəcə tanış olub və müzakirələr aparıblar. Əsas məsələlərdən biri kimi İES-də ətraf hava mühitinin keyfiyyət indeksini təmin edən parametrlərə nəzarət sisteminin işlənməsi və eləcə də yüksək gərginlikli transformatorların soyutma yağına nəzarət sisteminin yaradılması və onların vahid mərkəzin nəzarət sisteminə qoşulmasını təmin etməkdən ibarətdir. Görüşdə birgə faydalı əməkdaşlığın Azərbaycanın enerji sektorunda mövcud elmi potensialın və innovasiya imkanlarının daha səmərəli istifadəsinə, eləcə də elmi-tədqiqat nəticələrinin praktik tətbiqinin genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Sənəd “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev tərəfindən imzalanıb.