Turizm sektorunda kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulacaq
Bakı, 20 avqust, AZƏRTAC
Turizm sahəsində kadr potensialının gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu məsələlər “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, 2023-cü ildə turizm ixtisasları üzrə təhsilini tamamlayan şəxslərin sayı 1,9 min nəfər olduğu halda, həmin il turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 8,8 min nəfər muzdlu işə cəlb edilib. Bu, müvafiq sahə üzrə təhsilini tamamlayan şəxslərin sayından 4,6 dəfə çoxdur.
Bildirilib ki, 2016–2022-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin məzunları arasında məşğulluq səviyyəsi 53,6 faiz, ixtisasına uyğun məşğulluq səviyyəsi isə 58 faiz təşkil edib.
Eyni zamanda, 2023-cü ildə Dövlət Turizm Agentliyi tərəfindən turistlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, yerli və xarici turistlərin gözləntiləri ilə təcrübələri arasında fərqlər əsasən əlverişli qiymət, gigiyena və müştəri xidməti kateqoriyaları üzrə qeydə alınıb.
Dövlət Proqramında vurğulanır ki, mövcud vəziyyət turizm dəyər zənciri üzrə keyfiyyət yanaşmasının tətbiqini, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsini, tənzimləmə və nəzarətin gücləndirilməsini, həmçinin rəqabətyönümlü təşviq mexanizmlərinin tətbiqini zəruri edir.
Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.