ELM VƏ TƏHSİL
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar
Bakı, 18 sentyabr, AZƏRTAC
Səkkiz nəfər konqolu gənc 2024-2025-ci tədris illərində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alacaq. Bu, SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga arasında imzalanmış “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində baş tutacaq.
BANM-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın həyata keçirilməsi məqsədilə onlayn görüş təşkil olunub. Görüşdə BANM-in rektoru Elmar Qasımov, Konqonun Milli Neft Şirkətinin baş direktoru Maixent Raoul Ominga, eləcə də xarici işlər, frankofoniya və xaricdə yaşayan konqolularla iş üzrə nazirinin müavini Qi İtua, Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasındakı səfiri Sultan Hacıyev və konqolu gənclər iştirak ediblər.
Tələbələrdən birinin təhsili SOCAR-ın təqaüdü, yeddisinin təhsili isə Konqonun Milli Neft Şirkətinin hesabına həyata keçirilir.
Elmar Qasımov bu əməkdaşlığın konqolu tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynayacağını, nəticədə onların Konqo iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfələr verəcəyini bildirib. Habelə xalqlar arasında təhsil sahəsində yeni körpülərin qurulmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Əməkdaşlıqdan məmnunluğunu bildirən Maixent Raoul Ominga BANM-in mühəndislik təhsili sahəsində lider olduğunu vurğulayıb. O, ali məktəbin müasir tədris metodları və yüksək peşəkarlıq səviyyəsi ilə tanındığını, bu təhsil müəssisəsinin konqolu gənclərin akademik və peşəkar inkişafına böyük töhfə verəcəyini qeyd edib. Qi İtua əməkdaşlığın davam etdirilməsi və gələcəkdə daha geniş layihələrin həyata keçirilməsi üçün uğurlar arzulayıb.
Səfir Sultan Hacıyev isə bu təşəbbüsün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyini qeyd edib.