KONSERV ZAVODU İLƏ TANIŞLIQ VƏ İNZİBATİ BİNANIN TƏMƏLİNİN QOYULMASI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Prezident İlham Əliyev Qəbələdə tikilməkdə olan zavod ilə tanış olmuş və müəssisənin inzibati binasının təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Böyük səmimiyyətlə qarşılanan Prezident İlham Əliyev xüsusi avtobusla müəssisənin ərazisini gəzdi.
“Gilan Holdinq” şirkətinin vitse-prezidenti Yunis Arifoğlu məlumat verdi ki, zavodun 13 hektar ərazisi var. Meyvənin qəbulu üçün 8 məntəqə yaradılmışdır və əhali məhsulunu təhvil verdikdən sonra pulu dərhal ödəniləcəkdir. Dəyəri 5 milyon avro olan avadanlıq İtaliya istehsalıdır. Zavod Cənubu Qafqazda bu tipli ən böyük müəssisədir. Hazırda tikinti-quraşdırma işləri davam edir və buna 300 nəfər fəhlə və mütəxəssis cəlb olunmuşdur. Zavod ildə 75 milyon dollarlıq məhsul istehsal edəcək, burada 400 nəfər işləyəcəkdir. Müəssisə buraya öz məhsullarını təhvil verənlərlə birlikdə 20 mindən çox adamı işlə təmin edəcəkdir.
Prezident İlham Əliyev dedi ki, Azərbaycanın bütün yerlərində belə, ən müasir səviyyəli müəssisələr tikilməli, iş yerləri açılmalıdır. Dünya bazarında rəqabətədavamlı məhsullar buraxılmalı, ixrac edilməlidir. Bizim kənd təsərrüfatımızın, sənayemizin böyük potensialı var. Belə istehsal müəssisələrinin yaranması ilə idxal azalacaqdır. Nə üçün belə məhsullar Azərbaycana idxal olunmalıdır? Bizim gözəl təbiətimiz, bərəkətli torpağımız, dadlı meyvələrimiz var. Sadəcə olaraq, belə müasir müəssisələr yaranmalıdır və ilk növbədə, daxili bazarımızı doldurmalıyıq, eyni zamanda ixrac etməliyik.
Sonra zavodun inzibati binasının təməli qoyuldu. YUNİS ARİFOĞLU mərasim iştirakçılarına müraciətlə dedi: Bu gün “Gilan Holdinq” kollektivinin əlamətdar günlərindən biri və möhtəşəm bayramıdır. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Heydər oğlu Əliyev Qafqazın və regionun ən böyük konserv zavodunun idarə binasının bünövrəsini qoyur. Bu, gələcək nəsillər üçün çox tarixi və əlamətdar bir gündür. Çünki bu gün respublikamızın Prezidentinin və kollektivimizin iştirakı ilə tikintimizin bünövrəsinə qoyulan gilizdəki yazı bu günü əbədi olaraq tarixə həkk edir. “Gilan Holdinq”in kollektivi adından möhtərəm Prezident İlham Heydər oğlu Əliyevə öz minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının ümummilli lideri, ölməz rəhbər Heydər Əliyevin respublikada yaratmış olduğu sərbəst bazar iqtisadiyyatı sayəsində biz burada zavodlar tikir və quruculuq yollarında şərəflə addımlayırıq. Yaşasın müstəqil Azərbaycan Respublikası! Ruhun şad olsun, ümummilli liderimiz Heydər Əliyev!
Sonra dövlətimizin başçısı İlham Əliyev içərisində yazı olan gilizi binanın təməlinə atdı və bünövrəyə ilk beton qarışığı tökdü.