KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda Seyid Kazım Məhəmmədəli oğlu Seyid Xamuşinin şikayətinə əsasən məhkəmə aktının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğun yoxlanılmasına dair konstitusiya işinə baxmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 19 iyul tarixli məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçi S.Xamuşinin, ərizəçinin nümayəndəsi E.Sarıvəliyevin çıxışlarını dinləyib, işin materiallarını müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının Seyid Kazım Məhəmmədəli oğlu Seyid Xamuşinin “A.M.A.Y.” istehsalat-kommersiya firmasına qarşı əsas və faiz pul borclarının qaytarılması iddiasına dair mülki iş üzrə 2003-cü il 25 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417-ci və 418-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. Bu işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Həmin qərarın qüvvədən düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 25 dekabr tarixli xüsusi qərarı da qüvvədən düşmüş hesab edilsin.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.