Könül Nurullayeva: Əhalinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindəndir
Bakı, 20 noyabr, AZƏRTAC
2022-ci il dövlət büdcəsi layihəsi ölkəmizin iqtisadi gücünün artırılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Gələn ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcəsidir.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Çünki doğma Qarabağımızın yenidən qurulması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması, həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradılması əsas diqqət çəkən və maliyyə vəsaiti tələb edən sahələrdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva diqqətə çatdırıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən 2022-ci il dövlət büdcəsindən əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulub.
Deputatın sözlərinə görə, iqtisadi və sosial inkişaf konsepsiyasının əsas məqsədləri kimi ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması büdcədə öz əksini tapıb: “Rəqəmlər onu göstərir ki, gələn ilin dövlət büdcəsi ən irihəcmli büdcələrdən biri olacaqdır. Hər il olduğu kimi, yenə də insan kapitalının inkişafına yönəlik siyasətin davam etdirilməsi, biliyə əsaslanan iqtisadiyyatın, təhsilin, sosial müdafiənin və sosial təminatın inkişafına xüsusi diqqət ayrılıb.
K.Nurullayeva vurğulayıb ki, ölkəmizdə elm, təhsil, səhiyyə sahələrində işləyənlərin əmək haqqlarının artırılması, elmi dərəcə üzrə müavinətlərin həcminin artırılması vacibdir və bununla bağlı işlər aparılır. Dövlətin təhsil sahəsində strategiyasına uyğun olaraq elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsaitin ayrılması müsbət nəticələr vəd edir. Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaq ümumi işin xeyrinə olardı.
“Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, Bakı şəhəri və digər bölgələrimizdə yenidənqurma və inkişaf prosesi davam etməkdədir. Deputat seçildiyim Bakı şəhərinin Nizami rayonu ərazisində də yeni yolötürücü qovşaqlar, yollar, yeraltı tunellər, tibb müəssisələri, elektrik yarımstansiyaları tikilib. Həmçinin Qarabağ müharibəsi veteranları və şəhid ailələri mənzillərlə təmin olunub, yeni infrastruktur layihələr icra edilib və bu proses davam etdirilir”, - deyə deputat əlavə edib.