“Könüllülük sərhəd tanımır” aksiyasının icrası davam etdirilir
Bakı, 19 iyun, AZƏRTAC
Respublikamızda koronavirusla mübarizə çərçivəsində karantin rejiminin nisbətən yumşaldılması fonunda vətəndaşlar çox vaxt zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar.
Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, könüllülərin başladıqları aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə çağırmaq üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.
Könüllülər həmin yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında maarifləndirmə işi apararaq və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat veriblər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırıblar. Eyni zamanda, könüllülər ictimai məkanların önündə düzgün sosial məsafəli növbələrin formalaşmasını təmin etmək məqsədilə yerdə təhlükəsiz məsafəni göstərən dairələr çəkiblər.
Ötən ayın ortalarında start verilən “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində respublikada minlərlə könüllü müxtəlif istiqamətlər üzrə səfərbər olaraq vətəndaşlarımızın sağlamlığı naminə fəaliyyət göstərir.
Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də ölkəmizin aparıcı könüllü hərəkat və təşkilatlarının iştirak etdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis olunub. Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor”, “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib.