ELM VƏ TƏHSİL
KOR VƏ ZƏİF GÖRƏN UŞAQLAR ÜÇÜN XÜSUSİ ÇAP MAŞINI ALINACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə Valideyn-Müəllim Əməkdaşlığı Assosiasiyasının işi ilə bağlı söhbət aparılmış, sentyabr ayında bu qurumun təsis konfransının keçirilməsi müzakirə olunmuşdur. Nabil Seyidov YUNİSEF və Təhsil Nazirliyi ilə rəhbəri olduğu təşkilat arasında əməkdaşlıq barədə birgə memorandum imzalamasını təklif etmiş, layihənin ikinci hissəsinə bu ilin aprelindən başlanılacağını bildirmişdir.
N.Seyidov məlumat vermişdir ki, hələ ötən il kor və zəif görən uşaqlar üçün xüsusi çap maşınlarının alınması haqqında layihə hazırlanmışdır və bu avadanlıq aprelin sonunda Bakıya gətiriləcəkdir. 7 min 800 ABŞ dolları dəyərində olan xüsusi çap maşınının gətirilməsi üçün yol xərclərini Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin xanımı Lesli Harniş öz üzərinə götürmüşdür.
Təhsil naziri Misir Mərdanov həmin avadanlığın alınması ilə bağlı çatışmayan vəsaitin nazirliyin daxili imkanları hesabına ödənilməsi üçün müvafiq şöbələrin rəhbərlərinə tapşırıq vermişdir.
Görüşdə həmçinin «Heç bir uşağı nəzərdən qaçırmayaq» müsabiqəsinin keçirilməsi və digər məsələlər də müzakirə olunmuşdur.