Koreya mətbuatında qanlı Yanvar hadisələrindən bəhs edən məqalələr dərc olunmuşdur
Seul, 20 yanvar (AZƏRTAC). Koreya Respublikasının nüfuzlu gündəlik “Joong Ang Daily” və “The Korea Herald” qəzetlərində 20 Yanvar faciəsi ilə bağlı “Azərbaycan Qanlı Yanvarı xatırlayır” başlıqlı məqalələr çap olunmuşdur.
Məqalələrdə 24 il əvvəl sovet rəhbərliyinin azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün törətdiyi cinayətkar əməllərindən bəhs edilir, o dövrün siyasi proseslərinə ətraflı nəzər salınır. Qeyd olunur ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş xüsusi təyinatlı ordu birləşmələrinin törətdikləri qətllər zamanı qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 147 mülki vətəndaş öldürülmüş, 700-dən çox insan yaralanmışdı. Bu hadisələr Azərbaycan tarixinə “Qanlı Yanvar” kimi düşmüşdür.
Koreya mətbuatı yazır ki, həmin vaxt Moskvada yaşayan Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edən bəyanat verərək, ağır gündə xalqına dəstək olduğunu nümayiş etdirmişdir. Bundan başqa, bir çox ölkələr və beynəlxalq təşkilatlar da Yanvar hadisələrini pisləmişlər.
Məqalələrdə qeyd olunur ki, sovet dövlətinin bu qanlı cinayəti Azərbaycan xalqının azadlıq istəyinin qarşısını ala bilmədi, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Hər il yanvarın 20-si Azərbaycanda milli hüzn günü kimi qeyd edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul