Koronavirusa “Covid-19” rəsmi adı verilib
Bakı, 12 fevral, AZƏRTAC
Mindən artıq insanın həyatına son qoyan yeni koronavirusa Dünya Səhiyyə Təşkilatının (DST) Cenevrədə keçirilən konfransında “Covid-19” rəsmi adı verilib.
AZƏRTAC bu barədə BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir.
“Koronavirus haqqında bizim bilmədiklərimiz hələ çoxdur... Biz sizin bilik və təcrübənizdən istifadə edərək, öz suallarımıza cavab tapmaq, yəqin ki, hələ də bizə məlum olmayan problemləri üzə çıxarmaq istəyirik”, - deyə DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus konfransı açaraq bildirib.
Forum iştirakçıları qarşısında qoyulan məsələlərdən biri gələcək tədqiqatların “Yol xəritəsi”ni hazırlamaqdır. Bu işə həm alimlər, həm də donorların cəlb ediləcəyi nəzərdə tutulur. DST rəhbəri hesab edir ki, ilk növbədə, laboratoriya materiallarının mübadiləsini qaydaya salmaq vacibdir. Onun sözlərinə görə, vaksinlərin işlənib hazırlanması 18 ay çəkə bilər. Bu səbəbdən beynəlxalq ictimaiyyət əhalini təhlükədən qorumaq məqsədilə köməkçi vasitələrdən istifadə etməlidir.
DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus konfransda, həmçinin yeni koronavirusa “Covid-19” rəsmi adının verilməsini də bəyan edib.