Koxlear implantlı uşaqların adaptasiyasına dəstək göstərilib, valideynlər maarifləndirilib
Bakı, 12 avqust, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Koxlear implantlı uşaqların həyata adaptasiyası və valideynlərin maarifləndirilməsi" layihəsi yekunlaşıb. İki ay davam edən layihə “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilib, layihəyə Birliyin sədri Mehriban Hüseynova rəhbərlik edib. Layihənin əsas məqsədi koxlear implantlı uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına və həyata adaptasiyasına dəstək göstərmək, valideynlərin maarifləndirilməsini gücləndirmək, koxlear implant sahəsində çalışan mütəxəssislərlə ailələr arasında əməkdaşlığı, təcrübə və bilik mübadiləsini inkişaf etdirmək olub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində hər biri 100 nəfərin iştirakı ilə iki genişmiqyaslı maarifləndirici tədbir təşkil edilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, tanınmış həkimlər, LOR-cərrahlar, audioloqlar, surdoloqlar, loqopedlər, defektoloqlar, psixoloqlar, koxlear implant istifadəçiləri, valideynlər və digər şəxslər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin koxlear implantlı uşaqların ifasında səsləndirilməsi ilə başlayıb. Bu duyğulu və qürurverici məqam iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb, tədbirə xüsusi təntənə və mənəvi dəyər qatıb.
Tədbir zamanı iştirakçılar koxlear implant əməliyyatına aparan bütün mərhələlər barədə ətraflı məlumatlandırılıblar. Dövlət dəstəyi ilə əməliyyatın həyata keçirilməsi qaydaları, eşitmə dərəcəsinin qiymətləndirilməsi, koxlear implant namizədlərinin seçilməsi meyarları, əməliyyat prosesi, əməliyyatdan sonrakı reabilitasiya, nitqin inkişafı, cihazdan düzgün istifadə, sosial adaptasiya və ailənin bu prosesdə rolu sahənin aparıcı mütəxəssisləri tərəfindən təqdimatlar və praktiki tövsiyələr əsasında geniş izah olunub.
Tədbir çərçivəsində “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin fəaliyyət istiqamətləri və ölkədə koxlear implant sahəsi üzrə statistik göstəricilər haqqında geniş təqdimat edilib. Bildirilib ki, təşkilat yarandığı gündən etibarən yüzlərlə eşitmə məhdudiyyətli uşağın koxlear implant əməliyyatına yönləndirilməsinə, dövlət dəstəyindən yararlanmasına, əməliyyatdan sonrakı reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərib. Təqdim olunan statistik məlumatlar layihə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qeyd olunub ki, erkən diaqnostika, vaxtında aparılan koxlear implant əməliyyatı və düzgün reabilitasiya nəticəsində minlərlə uşaq bu gün eşidir, danışır, ümumi təhsil məktəblərində yaşıdları ilə birlikdə təhsil alır və cəmiyyətin fəal üzvləri kimi həyatlarını davam etdirirlər.
Layihənin yekunu olaraq ailələrin məlumatlılıq səviyyəsinin yüksəldilməsi, uşaqların reabilitasiya və sosial adaptasiya prosesinin daha səmərəli təşkilinə dəstək göstərilməsi, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.