Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var
İstanbul, 10 avqust, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev İstanbulda TDT Katibliyində Yaponiyanın xarici işlər nazirinin müavini Arfiya Eri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a təşkilatdan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Baş katib TDT-nin fəaliyyəti və prioritetləri barədə danışaraq, təşkilatın Türk dünyası və daha geniş Avrasiya coğrafiyasında regional əməkdaşlıq, bağlantı və dialoq platforması kimi artan roluna diqqət çəkib. O, Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat, ticarət və enerji marşrutlarının kəsişməsində yerləşən TDT coğrafiyasının artan iqtisadi və strateji əhəmiyyətini vurğulayıb. Bu çərçivədə Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin yaratdığı imkanlara diqqət çəkərək, bağlantı, infrastruktur, texnologiya və davamlı inkişaf sahələrində Yaponiya ilə daha sıx əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd edib.
Arfiya Eri Yaponiya ilə TDT ölkələri arasında uzunmüddətli münasibətlərə diqqət çəkərək, ölkəsinin Türk dünyası ilə qarşılıqlı əlaqələri daha da gücləndirməkdə maraqlı olduğunu bildirib. Yaponiyanın beynəlxalq əməkdaşlığa əsaslı yanaşmasını vurğulayan Eri dialoq, qarşılıqlı hörmət, hüququn aliliyi, eləcə də azad və açıq beynəlxalq mühitin əhəmiyyətini qeyd edib. O, həmçinin Yaponiyanın region ölkələri ilə, xüsusilə iqtisadi inkişaf, bağlantı, innovasiya, rəqəmsal və yaşıl transformasiya sahələrində qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Tərəflər regional proseslər barədə fikir mübadiləsi apararaq, “TDT+” formatı da daxil olmaqla, təşkilat ilə Yaponiya arasında əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu çərçivədə onlar ticarət və investisiya, enerji, nəqliyyat və bağlantı, rəqəmsallaşma və innovasiya, yaşıl transformasiya, təhsil və xalqlar arasında təmaslar kimi sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi imkanlarını da nəzərdən keçiriblər.
Görüş tərəflərin təmasları davam etdirmək və TDT ilə Yaponiya arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişafı üçün konkret imkanları birgə qiymətləndirməyə davam etmək niyyətlərinin ifadə olunması ilə başa çatıb.