“KULTURA” JURNALININ İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Layihənin rəhbəri, jurnalın naşiri Polad Bülbüloğlu “Jurnal nə üçün təkcə akademik mədəniyyətə həsr olunmuşdur?” sualına cavabında demişdir ki, hazırda KİV-lər pop-mədəniyyəti kifayət qədər işıqlandırırlar. Akademik mədəniyyət isə buna kəskin ehtiyac duyur. Həm də jurnalın öz mövzuları, özü də indiki kütləvi informasiya vasitələrinin bu günədək toxunmadıqları mövzuları var.
Jurnalın strateji məqsədi Azərbaycanın akademik incəsənətini xaricdə, postsovet məkanında təbliğ etməkdir. Ona görə də jurnal rus dilində çıxır və xüsusi abunə siyahısı üzrə pulsuz yayılır. Siyahıya Böyük Teatr, Mariya Teatrı, aparıcı kütləvi informasiya vasitələri daxildir. Bundan əlavə, jurnal Azərbaycan ərazisindəki səfirliklərə və diplomatik nümayəndəliklərə də göndəriləcəkdir.
Jurnalın birinci nömrəsi “Musiqi” bölməsi ilə açılır. Burada Vasif Adıgözəlovun, Polad Bülbüloğlunun məqalələri, Əjdər Ulduzun Azərbaycan muğamı haqqında “Od işarəsi” məqaləsi dərc olunmuşdur. Jurnalda kino, foto art, balet, ədəbiyyat, teatr haqqında materiallar da verilmişdir. Bir sözlə, burada bütün akademik mədəniyyət əhatə olunmuşdur.
Təqdimat mərasimi musiqisiz ötüşməmişdir. Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənmişdir. Xalq artistləri Elşad Axundzadə, Rasim Abdullayev, Qərinə Kərimova, əməkdar artist Murad Adıgözəlzadə çıxış etmişlər.