KUNQ-FUÇULARIMIZ DÜNYA ÇEMPİONATINDA 10 QIZIL VƏ 1 BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycan Kunq-fu Federasiyasının prezidenti, baş məşqçi Barat İsrafilovun rəhbərlik etdiyi 14 nəfərdən ibarət yığma komandamızın 11 üzvü Vətənə medalla dönmüşdür. Kunq-funun sanda növü üzrə kişilər arasında Elçin Eminov (50 kq), Arif Fərmanov (55 kq), Ceyhun Əliyev (70 kq), Nahid Əliyev (75 kq), Həsən Həsənov (80 kq) qızıl, Osman İsayev (65 kq) bürünc, qadınlardan Göyçək Qasımova (50 kq), yeniyetmə oğlanlardan Həşim Tahirli (30 kq), Ceyhun Xalıqlı (33 kq) və Emil Məmmədov (36 kq) qızıl medal qazanmışlar.
Peşəkar sanda növü üzrə Ramil Allahverdiyev (55 kq) birinci yer tutaraq qızıl kəmərə və medala sahib olmuşdur. Ramiz Yağmalıyev (65 kq) isə IV yerlə kifayətlənməli olmuşdur.
Xatırladaq ki, Nahid Əliyev yarımfinalda, Həşim Tahirli isə finalda erməni idmançıları üzərində tam qələbə qazanmışlar. Beləliklə, kunq-funun sanda növü üzrə 11 qızıl medaldan 9-nu qazanan Azərbaycan idmançıları ümumi komanda hesabında birinci yer tutmuşlar. Rusiya idmançıları ikinci, Kuba təmsilçiləri üçüncü yerə çıxmışlar. Peşəkar sanda üzrə isə ilk üç yeri Rusiya, Belarus və Kuba idmançıları tutmuşlar.
Kunq-fuçularımızı qarşıda yeni mötəbər yarışlar gözləyir. Yığma komandamız avqustun 9-14-də İtaliyada keçiriləcək Avropa çempionatında, sentyabrın 1-10-da Hindistanda təşkil olunacaq dünya kuboku yarışlarında və dekabrın 1-5-də Çində II Dünya festivalında və tayci-cuan üzrə dünya çempionatında ölkəmizi təmsil edəcəkdir.