KÜRDƏMİR MÜƏLLİMLƏRİNİN KONFRANSINDA QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Kürdəmir Rayon Mədəniyyət evinin iclas zalında rayon müəllimlərinin konfransı olmuşdur.
Konfrans iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ulu öndərimizin abidəsinin önünə gül qoymuşlar.
Konfransda rayon təhsil şöbəsinin müdiri Tacəddin Novruzov “2007-2008-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi ilə çıxış etmiş, müzakirələr aparılmışdır.
Son 5 ildə respublikamızın təhsil sistemində böyük nailiyyətlərin əldə edildiyini, inkişafyönümlü proqram və layihələrin həyata keçirildiyini diqqətə çatdıran natiqlər bütün bunları ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi kimi dəyərləndirmişlər.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan təhsili həm məzmun, həm də struktur baxımından yeniləşmiş, onu müasir tələblər səviyyəsinə qaldırmaq üçün geniş imkanlar yaranmışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”na uyğun olaraq həyata keçirilən tədbirlər Kürdəmirdə də təhsilin inkişafına güclü təkan vermişdir. Bu proqrama uyğun olaraq, son illərdə rayon məktəblərinə 372 dəst kompyuter verilmişdir.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi işlər görülür. Son 5 ildə rayonda 20 yeni məktəb binası və 5600 şagird yerlik 280 sinif otağı tikilib istifadəyə verilmişdir. Cari dərs ilində 6 nömrəli şəhər orta məktəbinin ərazisində 480 şagird yerlik, Dəyirmanlı kəndində 640 yerlik, Böyük Kəngərli kəndində 192 yerlik, Yenikənd kəndində 360 yerlik, 4 nömrəli şəhər orta məktəbi üçün 300 yerlik müasir standartlara cavab verən yeni məktəb binaları inşa edilmiş, fənn kabinetləri, sinif otaqları lazımi inventar və avadanlıqlarla tam təchiz olunmuşdur. Yalnız son dərs ilində bir növbədə 2000 şagird yerlik 5 yeni məktəb binasının tikilib istifadəyə verilməsini rayonun tarixində çox mühüm və nadir hadisə kimi dəyərləndirən natiqlər, bunun üçün ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Məruzə və çıxışlarda ayrı-ayrı məktəblərdəki mövcud nöqsan və çatışmazlıqlardan da ətraflı danışılmış, qarşıdakı dərs ilində görüləcək konkret işlərdən bəhs edilmişdir. Xüsusilə 2008-2009-cu dərs ilindən fənn kurrikulumlarının tətbiqi ilə əlaqədar I siniflərdə dərs deyərək 99 nəfər ibtidai sinif müəlliminin hazırlanması, onların sertifikatlarla təminatı və sair məsələlərdən ətraflı danışılmışdır.
Konfransda Təhsil Nazirliyinin məsul işçisi Əhliyyət Adıgözəlov çıxış edərək, ölkədə həyata keçirilən təhsil islahatlarından, pedaqoji kollektivlərin qarşısında duran vəzifələrdən danışmışdır.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov rayon məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən, qarşıdakı dərs ilində həlli vacib məsələlərdən bəhs etmişdir.
Konfransda Azərbaycan müəllimlərinin XIII qurultayına nümayəndələr seçilmişdir.