Kürdəmirdə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “dəyirmi masa”
Kürdəmir, 30 mart, AZƏRTAC
Martın 30-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində təşkil olunan, azərbaycanlıların soyqırımına həsr edilən kitab, bu faciəni əks etdirən foto və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli film nümayiş etdirilib.
“Dəyirmi masa”da çıxış edənlər vurğulayıblar ki, XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər “böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi üçün azərbaycanlılara qarşı kütləvi qətllər və soyqırımı aktları həyata keçiriblər. XX əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, eləcə də Azərbaycanın digər bölgələrindəki dəhşətli soyqırımı aktları ermənilərin Qafqazda yerləşmələri üçün öz havadarlarının köməyi ilə həyata keçirdikləri bəşəri cinayətlərdir.
Çıxışlarda tarixən Azərbaycan xalqının ermənilər tərəfindən dəfələrlə soyqırımına məruz qaldığı qeyd edilib, sovetlər dönəmində bu hadisələrin gizlin saxlanıldığı və ya təhrif edilmiş şəkildə xalqa çatdırıldığı bildirilib. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximizin qaranlıq səhifələrinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanılıb. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri məkrli niyyətlərə, vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verilib. 1998-ci il martın 26-da imzalanan fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
“Dəyirmi masa”da Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının dünya dövlətləri tərəfindən tanınması, torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkün və qaçqınların öz dədə-baba yurdlarına qayıtmaları üçün göstərdiyi səylərdən danışılıb.