REGİONLAR
Kürmük çayında suyun səviyyəsi iki dəfəyə yaxın artıb



Qax, 8 iyun, AZƏRTAC
Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Gecə saatlarında rayonlarda yağış yağıb, qısa fasilələrlə külək əsib, dağ çaylarında sululuq artıb.
AZƏRTAC xəbər verir ki, bölgə rayonlarından axan dağ çaylarından ən çox sululuq Qəbələnin Dəmiraparan və Qaxın Kürmük çaylarında müşahidə olunur. İlkin müşahidələr göstərir ki, Kürmük çayında suyun səviyyəsi son gün ərzində iki dəfəyə yaxın artıb. Bu da dağlara yağan leysan və yağışların aylıq mormadan artıq olmasından irəli gəlir.
Qax rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, baş verə biləcək sel basma təhlükəsini nəzərə alaraq Kürmük çayında mütəmadi nəzarət həyata keçirilir. Xüsusən çayın keçdiyi yaşayış məntəqələri boyunca müxtəlif yerlərdə texnikalar yerləşdirilib. Hər hansı təhlkə yaranacağı təqdirdə həmin yerlərə əlavə qum və çınqıl, ya da torpaq lay vurulur.
Qeyd olunub ki, ötən gün çayların məcralarında baş verən subasmaların fəsadları aradan qaldırılır, lildən və kör-kötükdən təmizlənir. Eyni zamanda, külək nəticəsində qırılan ağaclar doğranaraq yol kənarları təmizlənir.
Bölgə rayonlarında elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Ötən gün külək nəticəsində qırılan xətlər bərpa olunub.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, hazırda bölgə rayonlarında qeyri-sabit hava şəraiti davam edir.