KÜTLƏVİ QIRĞIN SİLAHLARININ YAYILMASININ QARŞISININ ALINMASINA DAİR TƏLİMLƏR KEÇİRİLİR
Təlimlərə Azərbaycanın Müdafiə, Fövqəladə Hallar, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, respublika Prokurorluğunun, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin, ümumilikdə 100 nəfərə yaxın əməkdaşı cəlb olunmuşdur.
Təlimlər çərçivəsində növbəti məşğələ iyunun 7-də Fövqəladə Hallar Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Binəqədi rayon yanğın təhlükəsizliyi xidmətində olmuşdur. Təlim iştirakçıları rəmzi terrorçuları zərərsizləşdirmiş, şübhəli bilinən maddələri yoxlamış, müxtəlif təmrinləri yerinə yetirmişlər.
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə attaşesi Conatan Henik demişdir ki, Birləşmiş Ştatların Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı, əsasən 2 istiqamətdə aparılır: NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlıq və Azərbaycanın quru və su sərhədlərinin mühafizəsinə nəzarəti gücləndirmək istiqamətində əməkdaşlıq.
İndiki təlimlərin ikinci istiqamətə aid olduğunu söyləyən diplomat, KQS-nin yayılmasının qarşısının alınmasının dünya üçün vacibliyini bildirmiş, bu sahədə Azərbaycanın ABŞ ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi, mayor Keys A.Falsetti KQS-nin yayılmasının qarşısının alınmasına dair proqramın 1999-cu ildən Azərbaycanı da əhatə etdiyini bidirmişdir. O, Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşlarının təlimlərə mükəmməl yiyələndiklərini bəyan etmişdir.
Təlim iyunun 9-da başa çatacaqdır.