Küveytli jurnalistlərə “Heydər Əliyev İli” haqqında məlumat verilib
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyinin yerli kütləvi informasiya vasitələri ilə fəaliyyəti çərçivəsində aparılan işlərin davamı olaraq, Ramazan ayı münasibətilə yerli mətbuatın 15 əməkdaşı üçün iftar süfrəsi açılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Emil Kərimov əvvəlcə Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah və vəliəhd Şeyx Mişəl əl-Əhməd əl-Cabir əl-Sabah başda olmaqla bütün Küveyt xalqını Ramazan ayı münasibətilə təbrik edib. Diplomat artıq yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsi arxasında görüşün bir ənənəyə çevrildiyini diqqətə çatdırıb.
Yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlığın səfirliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdıran səfir qeyd edib ki, ölkələrimiz arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi əlaqələrimizin müxtəlif aspektlərdə inkişafına təsir edəcək.
Azərbaycan ilə Küveyt arasında münasibətlərin dərin tarixi köklər, sıx mədəni və dini bağlılıqlar üzərində qurulduğunu diqqətə çatdıran diplomat müasir dövrdə Küveyt Dövləti ilə dostluq və qardaşlıq münasibətlərinin bünövrəsinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Küveyt Əmiri Şeyx Cabir əl-Əhməd əl-Sabah ilə 1994-cü il dekabrın 13-də Mərakeş Krallığında keçirilmiş görüş zamanı qoyulduğu vurğulayıb. O, dövlət başçıları arasında daha sonra 1995-ci ilin martında Kopenhagendə və həmin ilin oktyabrında ABŞ-da görüşlərin baş tutduğunu və səmimi müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Səfir 2009-cu il fevralın 10-11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərindən sonra həmin əlaqələrin daha da inkişaf etdiyini vurğulayaraq, cari ildə Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclasının Küveytdə keçiriləcəyi ilə bağlı fəaliyyətin davam etdirildiyini və qarşıdakı mərhələdə siyasi-iqtisadi, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğumuzu vurğulayıb.
E.Kərimov Küveyt mediasına müsahibəsində 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında məlumat verərək, cari il ərzində ölkə daxilində və onun hüdudlarından kənarda müxtəlif tədbirlərin keçiriləcəyinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətinə dair məlumatların, eyni zamanda, Şuşa şəhərinin tarixi və mədəniyyəti haqda məlumatların yerli kütləvi informasiya vasitələrində dərc etdirilməsinin arzu olunduğunu bildirib.
Eyni zamanda, səfir 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verərək, Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri, orada keçirilən mədəni tədbirlər barədə danışıb.
Diplomat bildirib ki, ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərdə təkcə şəhər və kəndlərimizi, təbii sərvətlərimizi talayıb dağıtmayıb, həm də Azərbaycanın tarixi-mədəni və dini irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər, Qarabağda mövcud olan 67 məsciddən 65-ini tamamilə dağıdıblar. O, “Əl-Nahar” qəzetinin jurnalisti Samirə Freymişin və digər küveytli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfər etdikləri barədə məlumat verərək, onların ermənilərin törətdikləri vandalizm aktlarını öz gözləri ilə gördükdə dəhşətə gəldiklərini vurğulayıb. Həmçinin səfir görüşdə postmünaqişə dövründə regiondakı vəziyyətlə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Səfir Azərbaycan və Küveyt arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğumuzu vurğulayaraq, hazırda ölkələrimiz arasında Küveytin Cəzirə Hava Yolları və Küveyt Hava Yolları aviaşirkətlərinin birbaşa uçuşlar həyata keçirdiklərini və aprelin sonundan etibarən isə Azərbaycan Hava Yollarının da iki ölkə arasında birbaşa uçuşları bərpa edəcəyini diqqətə çatdırıb. O əlavə edib ki, 2022-ci ildə Küveytdən Azərbaycana turist axını sürətlə artaraq 22 min nəfərə çatıb.
Səfirin müsahibəsi Küveytin geniş oxucu auditoriyasına malik kütləvi informasiya vasitələrində - “əl-Nahar”, “əl-Qabas”, “əl-Ənba”, “əl-Siyasa”, “əl-Cəridə”, “əl-Qabas”, “əl-Ray” qəzetləri, “Bobiannews.net” elektron portalında dərc olunub.