La Sapienza Universitetinin tələbələri Azərbaycanın uğurları barədə məlumatlandırılıblar
Roma, 25 noyabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov La Sapienza Universitetinin kommunikasiya və sosial tədqiqatlar fakültəsinin tələbələrinə ölkəmiz ilə Avropa İttifaqı arasındakı əlaqələrə dair mühazirə oxuyub.
Universitetə dəvətə görə fakültənin müəllim və professor heyətinə minnətdarlığını bildirən V.Sadıqov Azərbaycanla bağlı geniş məlumat verib. Səfir Azərbaycanın tarixi inkişaf yolu, uğurlu iqtisadi siyasəti, həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin beynəlxalq əlaqələri və digər məsələlərə toxunub.
Mühazirədən sonra Azərbaycanın Aİ ölkələri, o cümlədən İtaliya, postsovet dövlətləri, Türkiyə, İran, İsrail və digər ölkələr ilə siyasi və iqtisadi əlaqələrinə dair müzakirələr aparılıb. Həmçinin Cənubi Qafqazdakı son vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Mühazirəni maraqla dinləyən universitetin müəllim və tələbə heyəti səfirə minnətdarlığını bildirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma