Laçınlı məcburi köçkünlər heyvandarlığı inkişaf etdirirlər
Ağcabədi, 17 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.
Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Sahib Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilirdi. Lakin 26 ildir ki, laçınlı köçkünlər mal-qaranı Taxtakörpü ərazisində saxlamağa məcbur qalıblar.
Hazırda rayonun əhali və fermer təsərrüfatlarında 34 min 112 baş iribuynuzlu, 177 min 268 baş xırdabuynuzlu heyvan var. İlin birinci rübündə 5592 sentner ət, 37 min 985 sentner süd istehsal edilib. Qaramalın cins tərkibinin yaxşılaşdırılması üçün təsərrüfatlarda heyvanların süni yolla mayalandırılması həyata keçirilir. Bu yaxınlarda isə Almaniyadan 35 baş “Holştein-friz” cinsli heyvan gətirilib. Mal-qaranın yem təminatını ödəmək üçün Taxtakörpü ərazisində 1500 hektarda yonca, 1100 hektarda arpa becərilir.
Sahib Quliyev qeyd edib ki, yayda Taxtakörpü ərazisi isti olduğundan bir çox təsərrüfat sahibləri heyvanlarını Daşkəsən və İsmayıllıdakı yaylaqlara aparırlar. Bu il də 100-ə qədər ailənin yaylaqlara köç etməsi nəzərdə tutulur.
Uzun illərdir ki, heyvandarlıqla məşğul olan rayonun Alxaslı kənd sakini Tohid Tağıyev təsərrüfatında olan mal-qaranın baş sayını ildən-ilə artırdığını bildirib: “Hazırda təsərrüfatımda 60 baş iribuynuzlu heyvan var. Yeni doğulan dişi buzovları yetişdirərək, fermanın düyə ehtiyacını qarşılayırıq. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir. Sağılan süddən pendir, yağ istehsal edərək, Ağcabədi və Bakı şəhərində satışa çıxarılır. Gələcəkdə heyvanların sayını 100 başa çatdırmağı, eyni zamanda, xaricdən lizinq yolu ilə südlük-ətlik istiqamətli heyvanlar gətirməyi nəzərdə tutmuşuq”.
Digər məcburi köçkün Məzahir Nağıyev isə artıq Almaniyadan “Holştein-friz” cinsli heyvanlar gətirib. “Lizinq yolu ilə gətirdiyimiz inəklərdən 28 baş bala aldıq. Hazırda inəklərin əksəriyyəti sağılır. Gün ərzində hər inəkdən mexaniki üsulla 20-25 litr süd sağılaraq, emal müəssisələrinə göndərilir. Gələcəkdə isə süd emalı avadanlıqları alaraq, istehsal etdiyimiz südü özümüz emal etmək istəyirik”, - deyə fermer bildirib.
Taxtakörpü ərazisində saxlanılan mal-qaraya vaxtaşırı olaraq zoobaytar xidməti göstərilir, xroniki və infeksion xəstəliklərə qarşı profilaktiki vaksinasiya işləri aparılır. Rayonun kənd təsərrüfatı mütəxəssisləri tərəfindən sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara dair tövsiyələr verilir.