REGİONLAR
Lahıcdan olan misgər-sənətkarlar nəslinin davamçısı
İsmayıllı, 27 avqust, AZƏRTAC
İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Nəzər Əliyev uzun illərdir ki, misgərlik sənəti ilə məşğuldur. Nəinki qəsəbədə, bölgədə hamı onu ustad sənətkar, sənətkarlar nəslinin davamçısı kimi tanıyır. Atası Mirzə kişi, babası Məşədi Seyid də vaxtı ilə tanınmış misgərlər olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lahıca gələn hər kəs mərkəzi küçədəki Nəzər kişinin çalışdığı sexdən yan keçə bilmir. Heç nə almasa da, sənətkarın əl işinə tamaşa edir, hazırladığı onlarca mis əşyaya baxır.
Sənətkar misdən 20-yə yaxın məişət əşyası düzəldir. Hazırladığı mis samovar, güyüm, satıl, qaraçıraq, güldan və sair əsl sənət nümunələridir. Bu əşyaları o, xüsusi həvəslə, ustalıqla yaradır. Peşəsinin vurğunu olan Nəzər kişi AZƏRTAC-ın bölgə müxbiri ilə söhbət edərkən deyib: “Sənətim mənim hobbimdir. İndi 59 yaşım var. Məni yaşadan bəzən günün neçə batdığını belə bilməyə qoymayan çalışdığım peşəmdir. Misgərlik sənəti bizdə nəsillikcədir. 2 oğlum, 1 qızım var. Peşəyə ən çox maraq göstərən kiçik oğlum Kamaldır. Vaxt tapan kimi yanıma gəlir, mənimlə çiyin-çiyinə çalışır, bilmədiklərini öyrənir”.
Ustanın əl işlərindən alanlar da az deyil. Alıcılar həm yerli, həm də xarici turistlərdir. Sifarişlər də kifayət qədərdir.