LATVİYA RESPUBLİKASININ PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN AZƏRBAYCAN TELEVİZİYASINAMÜSAHİBƏSİ
AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- Xanım Prezident, bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir, artıq bir sıra görüşləriniz olubdur. Təəssüratlarınız necədir?
- Mən ölkənizdə sürətli inkişafın şahidi oldum. Səngəçal terminalına səfər etdim və oradakı imkanları gördükdə mən çox məftun oldum. Bilirəm ki, gələcəkdə bu imkanlar daha da artacaqdır. Bu nailiyyətlər digər ölkələrlə qarşılıqlı surətdə faydalı işbirliyi əsasında əldə edilmişdir. Neftin ixracından artıq 1 milyard dollardan çox gəlir götürmüsünüz. Biz bilirik ki, bu gəlirlər Dövlət Neft Fonduna toplanılır və gələcək nəsillərinizin rifahına xidmət edəcəkdir. Azərbaycanın gözəçarpan dərəcədə iqtisadi inkişafı xalqınızı daha da xoşbəxt edəcək və gələcəkdə ölkənizin daha da tərəqqi etməsinə zəmin yaradacaqdır.
- Ümumiyyətlə, Azərbaycana səfərinizin ikitərəfli münasibətlərə təsirini necə qiymətləndirirsiniz?
- Biz hesab edirik ki, münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq, bir-birimizə daha da yaxınlaşırıq. Riqada Azərbaycanın səfirliyi açılıb, mən bu səfər ərəfəsində səfirinizin etimadnaməsini qəbul etdim. Latviya da çox yaxın zamanlarda öz səfirini Bakıya göndərəcəkdir. Bir neçə aydan sonra iki ölkə arasında birbaşa uçuşlar həyata keçiriləcəkdir. Bu, o deməkdir ki, iki ölkənin vətəndaşları asanlıqla səyahət edə biləcəklər. Viza məsələləri asanlıqla və qısa müddət ərzində həll olunacaqdır.
Buraya bizim iş adamlarından ibarət böyük nümayəndə heyəti gəlmişdir. Onların həmkarları ilə çox səmərəli görüşləri olmuşdur. Mən Azərbaycan Prezidenti İlham Əliyevi Latviyaya rəsmi səfərə dəvət etmişəm. Ümidvarıq ki, o da səfər edəndə özü ilə Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyətini gətirəcək və biz Azərbaycan-Latviya biznes forumunu bir daha keçirəcəyik. Bu, o deməkdir ki, hər iki ölkə təcrübəsi ilə bölüşə və xalqlarımızın rifahı naminə birgə işləyə biləcəkdir. Biz bilirik ki, azərbaycanlılar artıq Riqada biznes fəaliyyəti ilə məşğul olurlar. Biz də Avropa İttifaqına qoşulduqdan sonra onun verdiyi üstünlüklərdən bəhrələnirik.
- Xanım Prezident, Sizin fikrinizcə, Azərbaycan-Latviya biznes forumu iqtisadi münasibətlərin intensivləşməsinə nə kimi töhfə verə bilər və hansı konkret sahələrdə iş aparıla bilər?
- Biz artıq bilirik ki, Pareks Bank ölkənizdə uğurlu fəaliyyət aparır. Bu, Latviya-Azərbaycan iqtisadi əməkdaşlığının bariz nümunəsidir. Eyni zamanda, informasiya texnologiyası sahəsində işləyən şirkət var və o da burada fəaliyyət göstərir. Bundan əlavə, hazırda Latviyada Azərbaycan kapitalı ilə işləyən 20 birgə müəssisə var. Biz hesab edirik ki, onlar texniki təchizat, yükdaşıma və informasiya texnologiyaları sahəsində çox yaxşı xidmətlər göstərirlər. Digər sahələrdə - maliyyə, maşınqayırma sahələrində də iqtisadi əməkdaşlıq qura bilərik. Çünki biz bilirik ki, Azərbaycan da xarici sərmayələr üçün yaxşı mühit yaratmışdır.
- Latviya Avratlantik strukturlarına tam inteqrasiya olunmuşdur və Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilmişdir. Azərbaycan da Avratlantik strukturlarına inteqrasiya yolu seçmişdir. Bu baxımdan Latviyanın Azərbaycana dəstəyi necə ola bilər?
- Biz NATO-ya və Avropa İttifaqına qəbul olunan ən son üzvlərdənik. Buna nail olmaq üçün çox işlər görmüşük və hesab edirik ki, bu sahədə kifayət qədər təcrübəmiz var. Qanunvericiliyimizin Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasında, müdafiə sahəsində lazımi islahatların aparılmasında, treninqlərin keçirilməsində, müdafiə məsələlərinə aid digər işlərin görülməsində uğurlar əldə etmişik. Müdafiə sahəsində treninqlərin keçirilməsi üçün bir çox imkanlarımız var və bunlardan Azərbaycan da bəhrələnə bilər. Donanma üçün sualtı əməliyyatların aparılmasında təcrübəmiz var. Hesab edirəm ki, NATO standartlarına uyğun bu təlimlərin keçirilməsində Azərbaycan da iştirak edə bilər.
Eyni zamanda, Azərbaycanın istehsal etdiyi mallar bizim ərazimiz vasitəsilə Avropa İttifaqının bazarlarına çıxarıla bilər və bu baxımdan qapılarımız biznes üçün sizin üzünüzə açıqdır.
- Cari ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyası Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın işğalçılığı pislənmiş və Azərbaycanın ərazi bütövlüyü bir daha tanınmışdır. Latviya problemin həllinə nə kimi töhfə verə bilər?
- Biz siyasətimizi Avropa İttifaqının qəbul etdiyi prinsiplərə uyğun qururuq və hesab edirik ki, ərazi bütövlüyü prinsipi fundamental xarakter daşıyır, bu hər bir ölkə üçün vacibdir. Biz bilirik ki, Minsk qrupu mövcuddur, digər ölkələr var, onlar da vasitəçilik edərək, bu münaqişənin həllinə çalışırlar. Bilirik ki, danışıqlar prosesi çətin və mürəkkəbdir. Lakin biz hər iki tərəfi danışıqların davam etdirilməsinə çağırırıq, bu, olduqca vacibdir. Bu prosesə biz də lazımi dəstəyi verərək hesab edirik ki, gələcəkdə müsbət nəticələr əldə oluna bilər.
Keçmişdə Avropada da çox ağrılı məqamlar olubdur. Avropadakı bir sıra ölkələr, məsələn, Fransa və Almaniya keçmişdə düşmən olmalarına baxmayaraq, indi çox yaxşı tərəfdaşlıq münasibətləri qurmuşlar. Ölkələr öz baxışlarını dəyişir, mövqelər dəyişir və onlar hesab edirlər ki, istənilən münaqişə danışıqlar yolu ilə öz həllini tapa bilər. Ümid edirəm ki, sizin də bu münaqişəniz dinc yolla həllini tapacaqdır.
- Xanım Prezident, Siz Azərbaycan televiziyası vasitəsilə xalqımıza hansı arzularınızı çatdırmaq istərdiniz?
- İlk öncə istərdim ki, Azərbaycan xalqı özünün zəngin tarixi və
mədəniyyətinə əsaslanaraq, öz qabiliyyətindən və potensialından fərəhlənsin. İstəyirəm ki, bütün diləkləriniz həyata keçsin və sizə gələcəkdə uğurlar arzulayıram. Sağ olun.