LATVİYANIN CƏMİYYƏTİN İNTEQRASİYASI MƏSƏLƏLƏRİNDƏ XÜSUSİ TAPŞIRIQLAR ÜZRƏ NAZİRİ AYNARS LATKOVSKİSİN NİTQİ
Zati-aliləri cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Latviya nümayəndə heyəti dəvətə və Azərbaycan xalqının müxtəlif ölkələrdə yaşayan nümayəndələrinin etnik Vətənində görüşməsi kimi əlamətdar tədbirdə iştirak etmək imkanına görə sizə təşəkkürünü bildirir. Azərbaycan poeziyasının klassiki, Azərbaycan ədəbi dilinin yaradıcısı Məhəmməd Füzuli öz əsərlərində insanların birliyinin və qarşılıqlı anlaşmanın gücünü vəsf etmişdir. Bu qurultay qarşılıqlı anlaşmanın parlaq nümunəsi olacaqdır.
Latviyada 1700-dən bir qədər çox azərbaycanlı yaşayır, diaspor böyük olmasa da, son dərəcə mütəşəkkildir. Xalqınızın Latviya torpağındakı nümayəndələri öz milli mədəniyyətlərini, ana dilinə və ənənələrə sadiqliyini ləyaqətlə qoruyub saxlayırlar. Eyni zamanda, Latviya cəmiyyətinə yaxşı inteqrasya etmişlər və Latviya dövlətinə loyal mövqe tuturlar.
Yaradıldığı gündən başçılıq etdiyim ictimai inteqrasiya katibliyi “Azəri vəhdət” Azərbaycan cəmiyyəti ilə fəal əməkdaşlıq edir. Qeyd etmək istərdim ki, cəmiyyət təkcə Azərbaycan ailələrini birləşdirməmişdir. Ən mühüm bayramlarda, məsələn Qurban bayramında azərbaycanlılar bir çox milli mədəniyyətlərin nümayəndələrini qonaqpərvərliklə qəbul edirlər. Əlirza Hüseynovun sədrlik etdiyi “Azəri vəhdət” cəmiyyəti xalq diplomatiyası kimi məsul missiyanı da üzərinə götürmüşdür. Onun səyləri nəticəsində və ölkələrimiz arasında inkişaf edən mehriban qonşuluq münasibətləri fonunda tarixi hadisə baş vermişdir. Riqanın özünüidarə orqanı paytaxtda Azərbaycan-Latviya dostluq parkının salınması üçün 3 hektar sahə ayırmışdır.
Baltik dənizi sahilində gözəl ölkənizin bir güşəsi olacaqdır. Əminəm ki, bu, dövlətlərarası münasibətlərin inkişafına, mədəni mübadiləyə xidmət edəcək, ümumiyyətlə şəhərimizi bəzəyəcək, Latviyada Azərbaycan diasporunun tərəqqisinə və onun Latviya cəmiyyətinə inteqrasiyasına kömək göstərəcəkdir.
İcazə verin, Latviyadakı həmvətənlərinə dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirim və qurultaya böyük uğurlar arzulayım.
Təşəkkür edirəm!